Sosial medianın uşaqların psixologiyasına və dəyərlərinə təsiri
Müasir dövrün texnoloji inkişafları ilə birlikdə sosial media həyatımızın ayrılmaz bir parçasına çevrilib. Artıq azyaşlı uşaqlar belə müxtəlif sosial platformalara çıxış əldə edir, bu platformalarda paylaşılan məzmunlarla tanış olur və bəzi hallarda həmin məzmunların təsiri altına düşürlər. Xüsusilə son illərdə geniş auditoriyaya sahib olan və sosial mediada tanınmış şəxslər, yəni “influencer”lər uşaqların psixoloji inkişafı və dəyərlərinin formalaşmasında mühüm rol oynamağa başlayıblar.
Sosial media nədir və necə təsir göstərir?
Sosial media veb əsaslı texnologiyalardan istifadə edərək insanların qarşılıqlı əlaqəsini təmin edən, məlumat mübadiləsini asanlaşdıran virtual platformalardır. Bu platformalar vasitəsilə insanlar bir-biriləri ilə interaktiv ünsiyyət qura, fikir və düşüncələrini bölüşə bilirlər. Hazırda sosial medianın gündəlik həyatımızdakı rolu o qədər artıb ki, o, təkcə informasiya mənbəyi deyil, eyni zamanda, dəyərlərin formalaşdığı bir mühitə çevrilib.
“İnfluencer” anlayışı və onların rolu
“İnfluencer”lər geniş izləyici kütləsinə sahib, davranış və düşüncə formalarına təsir göstərən şəxslərdir. Onlar, adətən, moda, gözəllik, oyunlar, sağlam həyat tərzi, motivasiya və digər sahələrdə məzmunlar paylaşaraq izləyicilərinə nümunə olurlar. Eyni zamanda, bu şəxslər marketinq strategiyalarının bir hissəsinə çevrilərək məhsulların tanıtımı ilə məşğul olurlar. Bu cür tanıtımlar uşaqların istehlak davranışına, məhsullara qarşı maraqlarına və hətta maddi dəyərlərə yanaşmasına təsir edə bilər.
Uşaqlara təsiri: müsbət və mənfi tərəflər
Sosial medianın uşaqlara müəyyən müsbət təsirləri də inkar olunmamalıdır. Belə ki, bu platformalar uşaqlarda yaradıcı düşüncə qabiliyyətini artırır, texnologiya ilə tanışlıq səviyyəsini yüksəldir və motivasiya yaradır. Bununla yanaşı, uşaqlar ictimaiyyətlə ünsiyyət bacarıqlarını inkişaf etdirə bilirlər.
Lakin sosial medianın mənfi təsirləri daha dərin və narahatedicidir. Uşaqlarda sosial mediadan asılılıq riski artır, reallıqdan uzaq gözləntilər yaranır, kiberzorakılıq hallarına məruz qala bilərlər. Ən önəmlisi isə şəxsi məlumatların təhlükəsizliyi risk altında olur.
Psixoloji və dəyərlərə təsiri
“İnfluencer”lərin uşaqlar üzərində yaratdığı psixoloji təsirlər arasında özünüdərk və özünəgüvənin formalaşması mühüm yer tutur. Uşaqlar özlərini izlədikləri şəxslərlə müqayisə edir, onların həyat tərzinə bənzəməyə çalışırlar. Bu isə reallıqla virtual dünya arasındakı sərhədi bulanıqlaşdırır və uşaqlarda qeyri-real dəyərlərin mənimsənilməsinə səbəb olur.
Dəyərlər baxımından da sosial media əxlaqi və mədəni dəyərlərin dəyişməsinə, materialist və ya minimalist dünyagörüşlərinin formalaşmasına səbəb ola bilər. Bu proses xüsusilə milli-mənəvi dəyərlərin qorunması baxımından narahatedicidir.
Nəticə və tövsiyələr
Dünyanın dörd bir yanında sosial medianın və “influencer”lərin uşaqlar və yeniyetmələr üzərindəki təsiri getdikcə artır. Bu təsirin mənfi nəticələrinin qarşısını almaq üçün bir çox ölkələrdə müxtəlif həlli yolları tətbiq olunub. Məsələn, Skandinaviya ölkələrində uşaqlara sosial mediadan düzgün istifadə vərdişlərini öyrətmək üçün məktəb proqramlarına rəqəmsal savadlılıq dərsləri əlavə olunmuşdur. Avstraliya və Kanadada isə valideynlər üçün seminarlar təşkil edilərək onların uşaqların onlayn fəaliyyətlərini daha effektiv izləməsi təşviq edilir.
Bu çərçivədə istifadə olunan həlli yollarına sosial media platformalarının uşaqlar üçün məhdudiyyət funksiyalarını gücləndirməsi, yaş təsdiqləmə sistemlərinin tətbiq edilməsi və etibarlı məzmunun təşviqi daxildir. Bəzi ölkələrdə isə tanınmış “influencer”lər uşaqlara yönəlik etik qaydalara riayət etməyə çağırılır və bu sahədə hüquqi tənzimləmələr hazırlanır.
Ölkəmizdə də bu təcrübələrdən yararlanaraq aşağıdakı tövsiyələri vermək olar:
· Məktəblərdə və uşaq tədris müəssisələrində rəqəmsal savadlılıq və media tənqidi bacarıqlarının inkişafı üçün xüsusi proqramlar hazırlanmalıdır.
· Valideynlər üçün sosial medianın təsiri və düzgün nəzarət üsulları haqqında maarifləndirici seminarlar təşkil olunmalıdır.
· Sosial media platformaları və yerli “influencer”lər arasında əməkdaşlıq yaradılaraq uşaqlar üçün müsbət dəyərləri təşviq edən kampaniyalar həyata keçirilməlidir.
· Milli qanunvericilikdə uşaqlara yönəlik məzmun istehsalında etik və hüquqi normalar müəyyən edilməli və icrası təmin edilməlidir.
Unutmamalıyıq ki, sosial media texnologiyası bir vasitədir, onun necə istifadə olunacağı isə cəmiyyətin, ailənin və təhsilin üzərinə düşən bir məsuliyyətdir. Uşaqların sağlam psixoloji inkişafı və milli-mənəvi dəyərlərə bağlı böyüməsi üçün hər kəs üzərinə düşən rolu məsuliyyətlə yerinə yetirməlidir.